Gənclər üçün Passiv Gəlir İmkanları

Gənclər üçün Passiv Gəlir İmkanları

Fandela Team

Passiv gəlir mövzusu çoxlarına hələ də uzaq görünür. Çox vaxt düşünürük ki, passiv gəlir üçün böyük sərmayə, xüsusi əlaqələr və ya illərlə təcrübə lazımdır. Amma əslində bu, doğru deyil. Bu gün rəqəmsal dövr elə imkanlar yaradıb ki, gənclər çox kiçik addımlarla belə özlərinə gələcəkdə sabit gəlir mənbəyi qura bilərlər. Ən maraqlısı isə odur ki, bu imkanların çoxu hamımızın cibindəki telefondan və gündəlik istifadə etdiyimiz internetdən keçir.

Rəqəmsal məhsullar satmaq

Əgər hansısa mövzuda bilik və ya bacarığınız varsa, onu rəqəmsal məhsula çevirərək pul qazana bilərsiniz. Bu, çox geniş sahədir.

Məsələn, bir mövzuda e-kitab yaza bilərsiniz. Çox qalın, yüzlərlə səhifəlik kitab olmalı deyil – 20-30 səhifəlik kiçik bələdçi yazılar belə öz alıcısını tapır. Amazon KDP platforması sizə imkan verir ki, e-kitabınızı heç bir çap xərci olmadan bütün dünyada satışa çıxarasınız.

Dizayn bacarığınız varsa, şablonlar yaradın. Məsələn, CV şablonları, Instagram post dizaynları və ya prezentasiya slaydları. Bu məhsulları Etsy və ya Creative Market kimi platformalarda yerləşdirmək mümkündür. Bir dəfə hazırladıqdan sonra hər satışdan ödəniş gələcək. Bunun üçün Canva proqramı yetərli olacaqdır.

Video işində bacarıqlı olanlar isə kurslar hazırlaya bilər. Udemy, Skillshare kimi platformalarda sadə bir kurs belə aylarla davamlı gəlir gətirə bilər. Burada vacib olan həmin sahədə bilikli olmaq, mövzunu düzgün seçməkdir

Affiliate marketing ilə qazanc

Affiliate marketing sadə dillə desək, məhsulu tövsiyə edib satışdan komissiya qazanmaqdır. Əgər sosial media hesabınız varsa və ya blog yazırsınızsa, bu fürsət sizin üçündür.

Məsəl üçün, Amazon Associates proqramı ən populyar seçimdir. Sadəcə sizə verilən linki paylaşaraq hər satışdan 4–10% arası komissiya əldə edə bilərsiniz. ClickBank isə daha çox rəqəmsal məhsullar üçün işləyir.

Burada diqqət etməli olduğunuz əsas məqam dürüstlükdür. İnsanlar sadəcə reklam görmək istəmir. Əgər məhsulu real təcrübəniz əsasında izah etsəniz, həm izləyiciləriniz etibar edəcək, həm də satışlarınız daha çox olacaq.

Mobil tətbiqlər və kiçik proqramlar

Texnologiyaya marağı olan gənclər üçün passiv gəlir yollarından biri də tətbiqlərdir. Çoxları düşünür ki, proqramlaşdırma bilmədən bu sahəyə girmək mümkün deyil. Amma indi no-code platformalar (məsələn, Adalo, Glide, Bubble) vasitəsilə proqramçı olmadan da sadə mobil tətbiqlər hazırlamaq mümkündür.

Məsələn, gündəlik xərcləri qeyd etməyə kömək edən kalkulyator app, dil öyrənənlər üçün flashcard tətbiqi və ya sadə oyun. Tətbiqinizi Google Play və App Store-a yerləşdirə, reklam və ya abunə modeli ilə gəlir qazana bilərsiniz.

Mikro-investisiyalar

İnvestisiya artıq yalnız böyük pullara sahib olanların işi deyil. Dünyada və hətta Azərbaycanda da gənclərin kiçik məbləğlərlə iştirak edə biləcəyi platformalar var.

Bir çox yerli və xarici tətbiqlər vasitəsilə 5-10 dollarla belə beynəlxalq şirkətlərin səhmlərinə sərmayə qoymaq mümkündür. EstateGuru kimi platformalar isə daşınmaz əmlak layihələrinə kiçik miqdarda qoşulmağa imkan yaradır. Seedrs və Crowdcube isə startaplara mikro-investisiya üçün ən tanınmış seçimlərdir.

Fandela olaraq məsləhətimiz isə heç vaxt bütün pulunuzu bir layihəyə yatırmayın. Ən yaxşısı 3–4 fərqli yerdə test etməkdir. Bu həm riskləri azaldır, həm də təcrübə qazandırır.

Daha az tanınan, amma maraqlı imkanlar

Bəzən ən çox qazanc gətirən sahələr göz qabağında olmur.

 - Patreon: Kontent yaradıcıları izləyicilərindən aylıq dəstək ala bilərlər. Musiqi, bloq və ya podkast yaradan gənclər üçün yaxşı seçimdir.

 - YouTube avtomatlaşdırılmış kanallar: Özünüz kamera qarşısına çıxmadan mövzu seçib videolar hazırlatmaq mümkündür. Videolardan gələn reklam gəliri passiv qazanc mənbəyinə çevrilə bilər.

 - NFT və rəqəmsal kolleksiyalar: Hələ ki, Azərbaycanda geniş yayılmayıb, amma yaradıcı gənclər üçün gələcəkdə böyük fürsət ola bilər.


Əziz gənclər, passiv gəlir qurmaq üçün milyonlarla pul lazım deyil. Kiçik addımlarla başlamaq kifayətdir. Bir e-kitab yazmaq, bir şablon dizaynı yaratmaq və ya 20 dollarlıq mikro-investisiya qoymaq – bunların hamısı gələcəkdə sizə sabit gəlir və azad vaxt qazandıra bilər. Ən vacibi isə odur ki, bu proses sizə yeni bacarıqlar öyrədir, sizi həm maliyyə, həm də şəxsi inkişaf baxımından daha güclü edir.

Bloqa qayıt

Şərh yazın

Nəzərə alın ki, şərhlər dərc edilməzdən əvvəl təsdiqlənməlidir.

Bu məqaləni paylaş